Опубликовано:
Bakı, 8 avqust, SalamNews, İ.Amid. Bakı Metropoliteninin "20 Yanvar" - "Dərnəgül" sahəsinin avqustun 9-13-də bağlanması yeni metro xəttinin tikintisi çərçivəsində tunelin çəkilməsi ilə əlaqədardır.
Bu barədə SalamNews-a Bakı 3 nömrəli Metro Tünel Tikinti idarəsinin sahə rəisi Yusif Davudov bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Bənövşəyi xəttin “Memar Əcəmi-2” stansiyası 2013-cü ildə istismara verilməlidir.
O deyib: “Tikilməkdə olan tunel B-1 stansiyasından ("Avtovağzal") B-2 stansiyasınadək ("Memar Əcəmi-2") stasiyasını birləşdirir. Memar Əcəmi-2 stansiyasına kimi tunelin 2 kilometr hissəsi tikilib başa çatdırılıb. Hazırda tunelin B-3 stansiyasınadək (hərbi hospitalın yaxınlığı) çəkilməsini davam etdirmək üçün "Memar Əcəmi" (keçid stansiyası olacaq) stansiyası ərazisində işlər aparılmalıdır”.
Y.Davudov vurğulayıb ki, inşaat işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların hərəkətinin dayandırılmasını təklif etdik. Düşünürəm ki, yaxın beşgündə "Memar Əcəmi" stansiyasının altından 21 metrlik tunel tikiləcək. Bunun üçün 3 nömrəli Metro Tünel Tikinti gücləndirilmiş iş rejiminə keçib. Bundan sonra 1300 metrə uzunluğunda B-3 stansiyasınadək (hərbi hospitalın yaxınlığı) çəkilməsin başlanacaq.
Sahə rəisi söyləyib ki, bu cür üsullar tunel tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz sərnişinlərin təhlükəsizliyidir.
Xatırladaq ki, inşa olunan “Memar Əcəmi-2” stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin “Memar Əcəmi” stansiyasına keçid funksiyasını yerinə yetirəcək. Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib.