Ramin

Tələbələr Novruzun gəlişini yeddi xonça ilə qarşılamışlar

63 298
0
0
01:45

Опубликовано:

Bakı, 17 mart (AzərTAc). Martın 17-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq kafedrasının təşəbbüsü ilə “Muğam klub”da “Yeddi xonça” Novruz festivalı keçirmişdir.
AzərTAc xəbər verir ki, rəmzi olaraq 7 ali təhsil müəssisəsinin tələbələrinin iştirak etdikləri festivalda qədim və zəngin mədəniyyəti olan Azərbaycan xalqının həyatında xüsusi əhəmiyyət daşıyan Novruz bayramının tarixi barədə məlumat verilmişdir.
Tədbirdə festival iştirakçılarına uğurlar arzulayan Milli Məclisin deputatı Sevinc Hüseynova bildirmişdir ki, ən sevilən və milli köklərə bağlı olan Novruz bayramını hətta sovet ideologiyası da əlimizdən ala bilməmişdir.
ATGTİ-nin sədri Şahin İsmayılov və ADU-nun müəllimi Sevda Əliyeva çıxışlarında xalqımızın adət-ənənələrinin gələcək nəsillərə çatdırılmasında Novruz bayramının əvəzsiz rolunu qeyd etmişlər.
Bayram süfrəsində əyləşənlər insanlara bahar müjdəsi verən, yeni nəfəs və sevinc gətirən Novruzun atributları olan Bahar qızı, Kosa və Keçəlin nümayiş etdirdikləri oyunları alqışlarla qarşılamışlar.
Sonra ali məktəblərin tələbə gənclər təşkilatları arasında müsabiqə və xalq oyunları keçirilmişdir.
Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 7 xonça təqdim edilmişdir. Xonçalara düzülmüş şirniyyatlar, səmənilər insanların könlünə yaz, təzəlik ab-havası gətirməklə, tədbirdə xüsusi bayram əhval-ruhiyyəsi yaratmışdır.
Yeddi komandadan milli geyimli tələbələr Azərbaycanın ən qədim rəqslərini və xalq mahnılarını ifa etmişlər. Yenə də 7 rəqs və 7 xalq mahnısı ilə Novruzun gəlişi qeyd olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji, Gəncə Dövlət və Azərbaycan Dövlət İqtisad universitetləri tələbələrinin hazırladıqları xonçalar münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir. Rəqs üzrə ADU-nun tələbələri, papaqatmada 2 nömrəli Tibb Kollecinin tələbələri fərqlənmişlər. Xalq oyunlarında isə Dövlət İqtisad Universitetinin tələbələri birinci yerə layiq görülmüşlər.
Azərbaycan xalqının özü ilə həmyaşıd olan Novruz bayramı münasibəti ilə keçirilən tədbir birlik rəmzi olan “Yallı” rəqsi ilə sona yetmişdir.

Следующее видео