Опубликовано:
Artıq bir mövsümü uğurla geridə qoyan yaradıcı heyət ikinci mövsümə start verdi. Detektiv janrda çəkilən silsilə verilişlər az bir müddətdə ekran qarşısında geniş izləyici toplaya bildi. Söhbət CTV-nin istehsalı olan hər bazar günü saat 21:00 da Region TV-nin efirində yayımlanan “İzi itməyən cinayətlər” sənədli maarifləndirici televiziya layihəsindən gedir. Kriminal mövzuda silsilə çəkilən verilişlərdə bu sezon bir neçə yeniliklər öz əksini tapacaq. Əməkdaşımız layihənin yaradıcı heyətini elə çəkiliş meydanında lentə alıb. Detektiv janr həvəskarları “İzi itməyən cinayətlər” sənədli maarifləndirici televiziya layihəsini yeni mövsümdə də Region Tv-nin efirində izləyə biləcəklər. Yay tətilindən çəkilişlərini davam etdirən yaradıcı heyətlə görüşüb, maraqlı anları yaxından izlədik. Layihənin koordinatoru və eyni zamanda ssenaristlərdən biri Ramil yeni mövsümdə yaradıcı heyətin qarşılarına qoyduğu məqsədlərdən danışdı. Bildirdi ki, müxtəlif mövzularda seriallar gözlənildiyi halda telekanallarımızda kriminal tərbiyəvi əhəmiyyətli verilişlər çox azdır. Nümayiş olunan yerli seriallarımızın demək olar ki, əksəriyyətində kriminal elementlər azlıq təşkil edir. Əlbəttə ki, kriminal bütün zamanların müəyyən miqdarda tamaşaçı auditoriyası qazanan mövzusu olub. Ümumilikdə kriminal mövzulara həsr olunan süjetlərə həmişə rast gəlmişik. Amma bizim bu layihəni ərsəyə gətməyimizdə məqsədimiz tam fərqlidir. Əvvəlki buraxılışlarda yerli aktyorların yer aldığı bölümlərdə indi rolları paytaxt Bakıdan dəvət olunan tanınmış aktyorlar da canlandırır. Bədii-sənədli maarifləndirici televiziya layihəsinin ssenari müəllifi və rejissoru Tərlan Göycəlidir. Layihənin koordinatoru Ramil deyir ki, ilk bölümlərdə Cənub bölgəsini əhatə edən rayonların müxtəlif məkanlarında çəkilən bu verilişlərin növbəti bölümləri yeni mövsümdən digər rayonlarda da çəkiləcək. Bildirək ki, CTV-nin istehsalı olan “İzi itməyən cinayətlər” sənədli-maarifləndirici televiziya layihəsi Azərbaycan teleməkanında detektiv janrda silsilə yayımlanan ilk verilişdir.