Ramin

Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimatı olmuşdur

88 420
0
0
02:06

Опубликовано:

Bakı, 15 mart (AzərTAc). Martın 15-də Muzey Mərkəzində Azərbaycanın 2012-ci il üçün xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən 2012-ci il üçün Quba şəhəri “Azərbaycanın sənətkarlıq paytaxtı”, Masallı “Azərbaycanın folklor paytaxtı”, Gədəbəy “Azərbaycanın əfsanələr paytaxtı” elan edilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək son illər ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın qədim və zəngin mətbəxinin də UNESCO-nun siyahısına salınması qarşıya qoyulmuş məqsədlərdəndir.
Nazir UNESCO ilə əlaqələrin daha da genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır.
Hazırda “Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri”nin hazırlanması, “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkil edilməsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür. Vurğulanmışdır ki, “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına uyğun olaraq cari il ərzində Gədəbəy, Masallı, Quba şəhərlərində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, “dəyirmi masa”ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, həmçinin bu ilin iyununda Masallıda Beynəlxalq folklor festivalının keçirilməsi də müəyyənləşdirilmişdir.
Nazirliyin əməkdaşı Vüqar Məmmədov proqram və 2011-ci ildə yaradıcılıq paytaxtları seçilmiş şəhərlərdə həyata keçirilmiş işlər haqqında məlumat vermişdir.
Tədbirdə ötən il paytaxt seçilmiş rayonların mədəniyyət və turizm idarələrinin nümayəndələri mükafatlandırılmış, eyni zamanda, cari ildə paytaxt elan edilmiş şəhərlərin müvafiq qurumlarının rəhbərlərinə xatirə kubokları və fəxri diplomlar təqdim edilmişdir.
Sonda Aşıq Fəzail Orucovun rəhbərliyi ilə gənc aşıqlar kollektivinin çıxışı hərarətlə qarşılanmışdır.

Следующее видео