Опубликовано:
Bir əlində dəsmal günün altında saatlarla oturmaqdan alnından süzülən təri qovalayır, o biri əli ilə də qarşısından keçib gedən insanların verdikləri qəpikləri ovcuna alır. O, 1993-cü ildə şəhid olan Mehdi Bayramov, Asim Bayramov, Akif Bayramov, Arif Bayramov, Kənan Bayramovun anası olduğunu deyir. Sultan İlyasova 1948-ci il təvəllüdlüdür. Deyir ki, günün altında oturub sədəqə qəbul etməsinə səbəb nəvəsinin xəstəliyidir. O, 10 gündür Milli Onkologiya Mərkəzininin qarşısında bardaş qurub oturur. Qarşısından keçən insanlara heç nə demir, sadəcə ona uzadılan qəpikləri götürür.
S. İlyasova deyir, ağciyərimdə xəstəlik var, amma nəvəmin dərdi öz dərdimi unutdurdu. Ona görə də küçəyə çıxıb pul toplamağa çalışır. Amma onun nəvəsi üçün qəpik-qəpik topladığı pul hər zaman əlinə çatmır. İki gün öncə polislər başının üstün alıb, onu bölməyə aparıblar.
“Srağagün iki polis gəldi. Dedilər ki, buradan dur! Dedim ki, a bala, mən seyid nəslindənəm, dilənçi deyiləm. Nəvəm xəstədir, ona görə buradayam. Dedilər ki, dur, yalan danışırsan. Söyüş söydülər, məni “dubinka”nın altına atdılar, döydülər, təpiklə vurdular. (belini göstərir) Biri başımdan tutdu, ayaqlarımdan tutdular, məni zorla maşına saldılar. Yığılan pulu da vurub dağıtdılar. Məni götürüb Xətaiyə apardılar”.
Şəhid anası deyir ki, başqa cür pul qazanmaq şansı yoxdur. “Dövlət kömək eləmir, prezident kömək eləmir, ikinci prezidentimiz kömək eləmir, bəs mən neyləyim?! Allah da mənə pul göndərəsi deyil ki?!”.