Опубликовано:
Bakı, 2 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Avronest Parlament Assambleyasının böyük nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Avronestin Avropadan kənarda ilk sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Avronest Parlament Assambleyası ilə ölkəmizin əməkdaşlıq etməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etdi.
Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etmələrinin əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyətinin üzvlərini Prezident İlham Əliyevə təqdim etdi. Kristian Vigenin bildirdi ki, Avronest nümayəndə heyətinin ölkəmizə səfəri təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir.
Görüşdə Avronest Parlament Assambleyasının Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.