Ramin

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin yeni binası ictimaiyyətə təqdim olunmuşdur

52 704
0
0
01:23

Опубликовано:

Bakı, 16 mart (AzərTAc). Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin yeni binası ictimaiyyətə təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, yeni muzey binası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirmişdir ki, Qobustan Azərbaycan xalqının milli sərvətidir.
Natiq vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanmışdır. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaratmışlar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir.
Tədbirdə çıxış edən muzeyin direktoru Məlahət Fərəcova diqqətə çatdırmışdır ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir.
Muzeydə qoruq əməkdaşları üçün xidməti otaqlar yaradılmışdır. Kitabxana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir. Muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunmuşdur.
Məlumat verilmişdir ki, muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. Burada 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanmışdır.
Tədbirdə Qobustan abidələrinin tədqiqatçısı, tarix elmləri namizədi Firuzə Muradovanın “Qobustan tunc dövründə” kitabının təqdimatı olmuş və müəllifə nazirliyin fəxri fərmanı təqdim edilmişdir.
Sonra tədbir iştirakçıları muzeylə yaxından tanış olmuşlar.
Tədbirdə Qobustana həsr edilmiş kompozisiya təqdim edilmişdir.

Следующее видео

facebook